İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Çıxışlar və müsahibələr

Yeni tariflər istehlakçıların keyfiyyətli və etibarlı qaz təchizatına xidmət edir

03.07.09

Yeni tariflər istehlakçıların keyfiyyətli və etibarlı qaz təchizatına xidmət edir

      Həmsöhbətimiz iqtisadi inkişaf naziri, Tarif (Qiymət) Şurasının sədri Şahin MUSTAFAYEV son qiymət islahatını yaradan amillər və onun doğuracağı real nəticələr barədə suallarımızı cavablandırmışdır.

  - Şahin müəllim, xahiş edirik əvvəlcə Tarif (Qiymət) Şurasının son iclasında müzakirə olunan məsələlər barədə məlumat verəsiniz.

  - Bu barədə ictimaiyyətə ətraflı məlumat verilsə də, bəzi məqamlara aydınlıq gətirməyə həqiqətən də ehtiyac var. Tarif (Qiymət) Şurasının 30 iyun tarixində keçirilən növbəti iclasında bir neçə qərar qəbul olunmuşdur. Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanuna əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sahəsində və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri barəsində şuranın əvvəllər qəbul edilmiş qərarları qüvvədən düşmüşdür. Bununla yanaşı, Standartlaşdırma, Metrologiya, Dövlət Torpaq və Xəritəçəkmə komitələri, Dövlət Dəniz Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti sahəsindəki və küçə reklamlarının yerləşdirilməsi və yayımı sahəsindəki xidmətlərin, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə qəbul edilmiş qərarların bəzi bəndləri və bölmələri də qüvvədən düşmüş hesab olunmuşdur.
Şuranın qərarına əsasən son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən "AzStateNet" Dövlət İnternet xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 % arasında aşağı salınmışdır.

  - İctimaiyyətin marağında olan əsas məsələ isə daha çox təbii qazın qiymətlərində edilən dəyişikliklərdir. Qəbul edilən bu qərar hansı zərurətdən irəli gəldi?

  - Təəssüf ki, bu məqamla bağlı son günlər yanlış və qərəzli informasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa uğursuz cəhdlər edilir. Bu cəhdlər ucuz siyasi maraqlara xidmət edir və Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf tendensiyasını gözü götürməyən məlum qüvvələr, guya ki, əhalinin maraqlarını qoruyurlar.
Azərbaycanda əhalinin mənafeyinin alternativsiz ifadəçisi və xalqın maraqlarının yeganə təminatçısı möhtərəm Prezident İlham Əliyev və onun başçılıq etdiyi iqtidardır. Məhz dövlət başçısının həyata keçirdiyi düzgün iqtisadi islahatlar nəticəsində bu gün ölkəmiz sosial-iqtisadi inkişaf dinamikasına görə dünyada öncül mövqedədir. Eyni zamanda, aparılan islahatların səmərəliliyinə görə də respublikamız dünyada lider sıralardadır. Beynəlxalq iqtisadi-maliyyə təsisatlarının və müvafiq nüfuzlu xarici təşkilatların ölkəmizdə aparılan iqtisadi islahatların uğurlu nəticələri və ümumilikdə bu islahatların sağlam məcrada yürüdülməsi barədə ekspert rəyləri, monitorinqləri bir daha sübut edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası birmənalı şəkildə düzgündür, reallığa əsaslanır və nəticə etibarilə Azərbaycanın hərtərəfli tərəqqisini təmin edir.
Ölkəmizin əldə etdiyi bu böyük iqtisadi nailiyyətlərin məhz dünyanın üzləşdiyi qlobal böhran şəraitində də davam etməsi isə həqiqətən də möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi böhrana dayanıqlıq həddi bu gün daha da güclənib. İqtisadiyyatın müxtəlif sahələr üzrə yüksəliş tempi səngiməyib, Ümumi daxili məhsulun, əhalinin gəlirlərinin artımı tendensiyası saxlanılıb. Eyni zamanda, manat bu gün MDB məkanına aid ölkələr arasında ən sabit və dayanıqlı milli valyuta kimi qəbul olunur. İqtisadi siyasətin uğurları barədə statistik məlumatları ətraflı qeyd etməyə lüzum görmürəm. Çünki elə bu rəqəmlərsiz də vətəndaşlarımız öz gündəlik həyatlarında inkişaf meyillərini aşkar görür. Həmçinin əhalimiz digər dövlətlərdə - yaxın və uzaq xaricdə müşahidə olunan iqtisadi və maliyyə böhranının, səfalətin, işsizliyin acı nəticələrini müşahidə edərək respublikamızın bu bəlalara düşməməsinin səbəbini də düzgün olaraq cənab İlham Əliyevin rəhbərlik etdiyi iqtidarın fəaliyyətinin bəhrəsi kimi dəyərləndirir.
Bir məqamı unutmamalıyıq ki, ölkənin sosial-iqtisadi inkişafının bazar prinsipləri əsasında təmin edilməsi həm də istehsalçıların iqtisadi maraqları ilə istehlakçıların sosial maraqlarının uzlaşdırılmasını tələb edirler.
    Çünki bir neçə il ərzində ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya ölkələri sırasında lider olması, regional və bütövlükdə dünya iqtisadiyyatında mövqeyinin möhkəmlənməsi, əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması məhz bu istiqamətdə aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Kommunal müəssisələrin rentabelliyinin təmin edilməsi ilə yanaşı, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması əldə edilmiş nailiyyətlərin davamlılığının təmin edilməsi baxımından zəruridir.
Bu prosesin tərkib hissəsi olaraq təbii qazın optimal qiymətinin müəyyən edilməsi məqsədilə də araşdırmalar aparılmış və həmin təhlillərin nəticəsi olaraq qazın qiymətinin tənzimlənməsini zəruri edən bir sıra obyektiv səbəblər nəzərə alınmışdır. Belə ki, təbii qaz təchizatının yaxşılaşdırılması üçün zəruri investisiyaların həyata keçirilməsi, alınmış təbii qazın dəyərinin tam şəkildə ödənilməsi, büdcə üzrə öhdəliklərin yerinə yetirilməsi, qaz sektorunda fəaliyyət göstərən işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün qaz təsərrüfatının rentabelliyinin təmin edilməsi zəruridir.
Qiymətlərin aşağı olması qazın satışına çəkilən xərclərin ödənməməsi və səhmdar cəmiyyətin son dövrlərdə zərərlə işləməsi böyük problem kimi meydana çıxdığından bu məsələyə daha obyektiv yanaşma zəruri idi.
Odur ki, mövcud problemlərin həlli məqsədilə verilmiş təkliflər müzakirə olunmuş və tarif dəyişikliyinin yuxarıda göstərilən məsələlərin həllinə təsiri nəzərə alınaraq əhali istehlakçı qrupu üçün 1000 kubmetr təbii qazın qiyməti 100 manat səviyyəsində təsdiq olunmuşdur.

  - Bəs təbii qazın qiyməti və bir abunəçiyə düşən təbii qaz istehlakı digər ölkələrlə müqayisədə necə dəyişir? 

  - Son illər ölkəmizdə təbii qazın istehlakı ildən-ilə artır. Belə ki, ölkəmizdə 2007-ci illə müqayisədə 2008-ci ildə təbii qazın ümumi istehlakı 10,5 faiz, əhali istehlakçı qrupunun istehlakı isə 20 faiz artmışdır. Müvafiq dövrdə əhali qrupundan olan bir abunəçiyə düşən istehlakın həcmi isə 13,4 faiz yüksəlmişdir. Hazırda dünyada enerji daşıyıcılarına tələbatın artdığı və bu səbəbdən də enerji daşıyıcılarının qənaətlə istifadə olunduğu bir şəraitdə ölkəmizdə qiymətlərin aşağı olması səbəbindən istehlakda israfçılığa yol verilməsi, qeyri-standart cihazlardan istifadə olunması kimi problemlər yaranır. Başqa sözlə, Türkiyə, Slovakiya, Macarıstan, Qırğızıstan, Gürcüstan və digər Avropa ölkələri ilə müqayisədə Azərbaycanda əhali istehlakçılarının təbii qaz istehlakının həcmi 2,0-2,9 dəfə çoxdur.
Eyni zamanda unutmamalıyıq ki, Azərbaycanda əhali üçün təbii qazın qiyməti Türkiyə, Qazaxıstan, Ukrayna, Latviya, Gürcüstan, Moldova və digər Avropa ölkələri ilə müqayisədə 3-11,7 dəfə ucuzdur. Qazın ucuz olması səbəbindən müvafiq normalardan xeyli çox qaz sərf edən qeyri-standart cihazlardan geniş istifadə olunması təhlükəsizlik baxımından da əhali üçün ciddi problemlər yaradır.

  - Təbii qazın yeni tarifinin əhalinin, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial vəziyyətinə təsirini necə qiymətləndirirsiniz? 

  - İlk növbədə qeyd edim ki, qaçqın və məcburi köçkünlərin qaz istehlakı xərcləri müəyyən olunmuş limitlər çərçivəsində tamamilə dövlət büdcəsindən maliyyələşdirildiyi üçün qiymət dəyişikliyi bu qrup əhaliyə heç bir təsir göstərməyəcəkdir.
Əhalinin aztəminatlı təbəqələrinə gəldikdə isə, bildirmək istəyirəm ki, aztəminatlı ailələrə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddinin əlavə olaraq 5 manat artırılması üçün tədbirlər görülür və bu artım cari ilin iyul ayından etibarən tətbiq olunacaqdır.
Hesablamalara görə, tarif dəyişikliyindən sonra istehlak səbətində nəzərdə tutulmuş təbii qazdan istifadə xərcinin bir nəfər üçün aylıq 1,1, bir abunəçi üçün isə 5,2 manatadək yüksələcəyi halda, ehtiyac meyarının artırılmış məbləği, qeyd etdiyim kimi, bir nəfər üçün 5 manat, bir abunəçi üçün isə 23,5 manat təşkil edir. Göründüyü kimi, aztəminatlı ailələr üçün sosial yardım məqsədilə dövlətin ayırdığı əlavə vəsait yeni qiymətlərlə ödəniləcək vəsaitdən 4,5 dəfə çoxdur. Bir məqamı da unutmayaq ki, respublikada ilin əvvəlindən əhalinin gəlirləri 19 faiz və orta aylıq əməkhaqqı isə 22 faizdən çox artmışdır.
Hazırda respublika üzrə orta aylıq əməkhaqqının 300 manata yaxın olmasına baxmayaraq, qaz təsərrüfatında çalışanlar üçün bu göstərici xeyli aşağıdır. Ona görə yeni tariflər həm də təbii qaz sektorunda fəaliyyət göstərən işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

  - Tarif dəyişikliyinin qaz təsərrüfatının inkişaf etdirilməsinə hansı təsiri olacaq?

  - Tarif dəyişikliyindən sonra qaz təsərrüfatının maliyyə imkanları genişlənəcəkdir. Bu da qaz təsərrüfatı sistemində nəql, paylayıcı şəbəkə, saxlama kimi infrastrukturların yeniləşdirilməsi, ölçmə, hesabların verilməsi və uçot sisteminin müasir texnologiyalar əsasında qurulması, təchizatın etibarlılığının artırılması, itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və etibarlı qaz təminatının daha da yaxşılaşdırılması imkanlarını artıracaqdır. Bir sözlə, yeni tariflər istehlakçıların keyfiyyətli və etibarlı qaz təchizatına xidmət edir.

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"
                                                                                                      www.azerbaijan-news.az

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=5185

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası