İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Çıxışlar və müsahibələr

Azərbaycanda qazın qiymətlərinin artırılması qaz təsərrüfatının maliyə imkanlarını genişləndirəcək - Tarif Şurasının katibi ilə müsahibə

02.07.09

Azərbaycanda qazın qiymətlərinin artırılması qaz təsərrüfatının maliyə imkanlarını genişləndirəcək - Tarif Şurasının katibi ilə müsahibə

      - Elşən müəllim, təbii qazın qiymətinin dəyişdirilməsinin səbəbləri nədir?

  - "Azəriqaz" QSC əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət etmişdir. Müraciətdə təbii qazın əhali istehlakçı qrupu üzrə mövcud qiymətinin qazın satışına çəkilən xərcləri ödəmədiyi bildirilmiş, 2008-ci ildə qaz təchizatı üzrə fəaliyyətdən 32,7 mln. manat zərərin yarandığı və cari il üzrə də həmin göstəricinin bu səviyyədə proqnozlaşdırıldığı qeyd olunmuşdur. Göstərilənlər, eləcə də təbii qaz təchizatının yaxşılaşdırılması üçün zəruri investisiyaların həyata keçirilməsi, alınmış təbii qazın dəyərinin tam şəkildə ödənilməsi, büdcə üzrə öhdəliklərin yerinə yetirilməsi və s. tədbirlərin reallaşdırılması baxımından yeni tariflərin müəyyən olunması zəruri məsələ kimi qarşıda dururdu. Düzdür, qeyd olunan tədbirlərin bir hissəsi dövlət büdcəsindən ayrılan vəsaitlər, alınan təbii qaza görə və büdcəyə ödənişlərin qismən aparılması şərti ilə həll edilmişdir ki, bu da normal hal hesab edilə bilməzdi. Bu baxımdan da mövcud problemlərin həlli məqsədilə verilmiş təkliflər müzakirə olunmuş və tarif dəyişikliyinin yuxarıda göstərilən məsələlərin həllinə təsiri nəzərə alınaraq əhali istehlakçı qrupu üçün 1000 m3 təbii qazın qiyməti 100,0 manat səviyyəsində təsdiq olunmuşdur.

  -Təbii qazın qiyməti və bir abunəçiyə düşən təbii qaz istehlakı digər ölkələrlə müqayisədə necə dəyişir?

  -Təhlillər göstərir ki, son illər ölkəmizdə təbii qazın istehlakı ildən-ilə artır. Belə ki, ölkəmizdə 2007-ci illə müqayisədə 2008-ci ildə təbii qazın ümumi istehlakı 10,5%, əhali istehlakçı qrupunun istehlakı isə 20% artmışdır. Müvafiq dövrdə əhali qrupundan olan bir abunəçiyə düşən istehlakın həcmi isə 13,4% yüksəlmişdir. Hazırda dünyada enerji daşıyıcılarına tələbatın artdığı və bu səbəbdən də enerji daşıyıcılarının qənaətlə istifadə olunduğu bir şəraitdə ölkəmizdə qiymətlərin aşağı olması səbəbindən istehlakda israfçılığa yol verilməsi, qeyri-standart cihazlardan istifadə olunması kimi problemlər yaranır. Belə ki, Azərbaycanda Türkiyə, Slovakiya, Macarıstan, Qırğızıstan, Gürcüstan kimi ölkələrdə müqayisədə əhali istehlakçılarının təbii qaz istehlakının həcmi 2,0-2,9 dəfə çoxdur.

  Bundan əlavə, əhali istehlakçı qrupunun qiyməti ilə müqayisədə digər qruplar üçün müxtəlif tariflərin tətbiq edilməsi təbii qazdan israfçılıqla istifadəyə və qiymət manipulyasiyalarına imkan yaradır.

  Qeyd etmək lazımdır ki, Azərbaycanda əhali üçün təbii qazın qiyməti Türkiyə, Qazaxıstan, Ukrayna, Latviya, Gürcüstan, Moldova kimi ölkələrlə müqayisədə 1,2-11,7 dəfə ucuzdur.

  -Sizin fikrinizcə təbii qazın yeni tarifi əhalinin sosial vəziyyətinə təsir edəcəkdir?

  -İlk növbədə qeyd etməliyəm ki, əhalinin əksəriyyət hissəsini təşkil edən qaçqın və məcburi köçkünlərin qaz istehlakı xərcləri müəyyən olunmuş limitlər çərçivəsində tamamilə dövlət büdcəsindən maliyyələşdirildiyi üçün qiymət dəyişikliyi bu qrup əhaliyə heç bir təsir göstərməyəcəkdir. Bu kateqoriyadan olan abunəçilərin sayı 71,5 min ailə təşkil edir ki, bu da orta hesabla 336 min nəfərə yaxın əhali deməkdir.

  Əhalinin aztəminatlı təbəqələrinə gəldikdə isə məlumdur ki, aztəminatlı ailələrə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi daha 5 manat artırılacaq və bu artım cari ilin iyul ayından etibarən tətbiq olunacaqdır. Hesablamalara görə, tarif dəyişikliyindən sonra istehlak səbətində nəzərdə tutulmuş təbii qazdan istifadə xərci bir nəfər üçün aylıq 1,1 manatadək yüksələ bilər. Bu isə ehtiyac meyarının artırılmış məbləğinin cəmi 1,1 manatının bu məqsəd üçün sərf olunacağı deməkdir.

  Hazırda Azərbaycanda sosial yardım alan ailələrin sayı 165-170 min arasında dəyişir ki, bu təxminən ailə üzvləri ilə birlikdə 750-800 min nəfəri əhatə edir.

  -Tarif dəyişikliyinin qaz təsərrüfatının inkişaf etdirilməsində hansı təsiri olacaqdır?

  -Tarif dəyişikliyindən sonra qaz təsərrüfatının maliyyə imkanları genişlənəcəkdir ki, bu da qaz təsərrüfatı sistemində nəql, paylayıcı şəbəkə, saxlama kimi infrastrukturların yeniləşdirilməsi, ölçmə, hesabların verilməsi və uçot sisteminin müasir texnologiyalar əsasında qurulması, təchizatın etibarlılığının artırılması, itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və etibarlı qaz təminatının daha da yaxşılaşdırılması imkanlarını artıracaqdır.

  Eyni zamanda təbii qaz sektorunda fəaliyyət göstərən işçilərin sosial müdafiəsinin gücləndirilməsi imkanları daha da artacaqdır.

http://capital-az.trend.az/oil/oilgas/1497622.html

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası