İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.07.2016

Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 11

Bakı şəhəri, 14 iyul 2016-cı il

Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Elektrik enerjisinin ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Nəzərə alınsın ki:
 
2.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş elektrik enerjisinin topdansatış tarifinə elektrik enerjisinin istehsalı və elektrik şəbəkələrinə ötürülməsi ilə bağlı bütün xərclər daxildir;
 
2.2. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 5.1-ci və 5.2-ci sətirləri ilə müəyyən edilmiş tariflərlə 2-ci sətri ilə müəyyən edilmiş topdansatış tarifi arasında yaranan fərq “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə aid edilir.
 
3. “Azərenerji” ASC-nin istehsalı olan istilik enerjisinin topdansatış tarifi ƏDV daxil olmaqla 3 manat/Qkal səviyyəsində müəyyən edilsin.
 
4. Elektrik enerjisinin digər təsərrüfat subyektlərinə məxsus şəbəkə və ötürücü qurğular vasitəsi ilə tranzit ötürülməsi bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4-cü sətri ilə müəyyən edilmiş elektrik enerjisinin tranzit ötürülməsi tarifi ilə həyata keçirilsin.
 
5. Müəyyən edilsin ki, elektrik enerjisi tranzit ötürüldüyü təqdirdə, tranzit ötürülmə xərcləri bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 5-ci sətrində nəzərdə tutulan hallarda 5.1-ci və 5.2-ci sətirlərlə müəyyən edilmiş tariflərə əlavə edilməklə istehlakçı, digər hallarda isə elektrik enerjisinin satışını həyata keçirən təsərrüfat subyekti tərəfindən ödənilir.
 
6. 2016-cı il iyul ayının 15-dək ölkə daxilində elektrik enerjisinin dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.
 
7. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
 
7.1. “Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli 3 nömrəli Qərarı;
 
7.2. “Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli 3 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 mart tarixli 11 nömrəli Qərarı;
 
7.3. “Respublika ərazisində elektrik enerjisinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-cı il 06 yanvar tarixli 03 nömrəli qərarına əlavə və dəyişikliklərin edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2008-ci il 30 aprel tarixli 1 nömrəli Qərarı.
 
8.   Bu qərar 15 iyul 2016-cı il tarixindən qüvvəyə minir.
 

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası