26.04.2010
19-22 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Ümumi Yığıncağı, İdarə Heyətinin iclası və Energetikanın tənzimlənməsi və İnvestisiyalar üzrə 9-cu Konfrans keçirilmişdir. Tədbirlərdə 24 tam, 2 assosiativ və 4 afiliativ olmaqla 30 ölkənin müxtəlif qurumlarının nümayəndələri iştirak etmişdir. Tədbirlərdə ölkəmizi Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov təmsil etmişdir.
Tədbirlərdə 2009-cu ilin proqram və maliyyə hesabatı, maliyyə vəziyyəti və dayanıqlığı müzakirə edilmiş, eləcə də 2010-cu il üçün iş planı, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının 2010-2011-ci illər üçün büdcəsi və 2011-ci ilin üzvlük haqqı təsdiqlənmişdir. Tədbir çərçivəsində həmçinin, ötən ilin audit hesabatı dinlənilmiş, İdarə Heyətinə və 2010-2012-ci illər üçün sədr müavinin seçilməsinə dair müzakirələr aparılmışdır.
Energetikanın Tənzimlənməsi və İnvestisiyalar üzrə 9-cu energetika sektorunda investisiya imkanları, enerji bazarına investisiyanın cəlb olunma mexanizmi, energetika sahələrinin dayanıqlı inkişafının tənzimləyici aspektləri, İspaniyada bərpa olunan enerji mənbələrinin gələcək inkişafı üçün maneələr və təklif olunan həll yolları, təbii qazın çatdırılmasının təhlükəsizliyi və diversifikasiyası və s. mövzulara dair təqdimatlar olmuşdur.
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Ümumi Yığıncağında Rəyasət Heyətinin üzvlüyünə 3 yer üçün səsvermə keçirilmişdir. Həmin yerlərə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Slovakiya və Ukraynadan 5 nəfər namizədliyini təqdim etmiş, bunlardan Azərbaycan və Türkiyə təmsilçiləri təkrar, Slovakiya nümayəndəsi isə ilk dəfə Rəyasət Heyətinə seçilmişdir.