AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

30.09.2009

      2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. 
      Tarif (qiymət) Şurasının iclasında Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunmuş və qərar qəbul edilmişdir.

      Bakı Metropoliteninin mövcud tarifi 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 qəpik səviyyəsində təsdiq edilmişdir.
      Ötən illər ərzində respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sahə üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti üzrə ştatın artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olmuşdur ki, bu da mövcud tarifə yenidən baxılmasını zəruri etmişdir. 
     Yuxarıda göstərilənlər nəzərə alınaraq Tarif (qiymət) Şurasının qərarına əsasən, gediş haqqı 5 qəpikdən 15 qəpiyə dəyişdirilmişdir.
      Qiymət dəyişikliyindən sonra sərnişin daşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaqdır. Belə ki, hazırda metroda sərnişin daşıma xidmətinin tarifi Rusiyada 0,35, Gürcüstanda 0,19, Ukraynada 0,16, Belarusda 0,17, Türkiyədə 0,80 manat səviyyəsindədir.  
      İl ərzində metrodan 200 milyona yaxın insanın istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində belə, Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcəkdir və dövlət büdcəsindən həm cari xərclər üçün, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsaitə ehtiyac yaranacaqdır.
     Yeni tarif 1 oktyabr 2009-cu il tarixindən saat 00:00-dan etibarən tətbiq ediləcəkdir.                        
                
                

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası