İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

15.09.2023

Dərman vasitələrini təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə almaq mümkün olacaq

Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcəkdir.

Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir.

Dövlət başçısının müvafiq Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılıb.

Bununla əlaqədar olaraq, 15 sentyabr 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Tarif (qiymət) Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcəkdir.

Tariflər 15 sentyabr 2023-cü il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

  

Azərbaycan Respublikasının

Tarif (qiymət) Şurasının Katibliyi

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası